"Min bir gecə" - TEATR

"Min bir gecə" - TEATR


"Min bir gecə" baleti — Fikrət Əmirovun "Min bir gecə" nağıllarının süjetləri əsasında bəstələdiyi balet.

Min bir gecə nağılları mövzusu dünya musiqi mədəniyyəti tarixində ən çox müraciət olunan mövzulardan biridir. Fikrət Əmirov bu mövzuya müraciət edərkən artıq Min bir gecə nağıllarının süjetləri əsasında kifayət qədər sanballı əsərlər yaradılmışdı. Lakin Fikrət Əmirovun yaratdığı balet orijinallığı və süjetin gərginliyi ilə digər əsərlərdən fərqlənir. "Min bir gecə" baleti aydın ideya-fəlsəfi konsepsiyaya malik bir sənət əsəridir.

Bəstəkar, quruluşçu baletmeyster Azərbaycanın əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Nailə Nəzirova və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun birgə yaradıcılıq səyi, bütün komponentlərlə vəhdət təşkil edən çox gözəl bir sənət əsərinin yaranması ilə nəticələnmişdir. Bir daha qeyd etmək lazımdır ki, bu yaradıcılıq ittifaqı Fikrət Əmirovun "Nəsimi", "Xəzəri fəth edənlər" baletlərində də çox uğurlu olmuşdur. Azərbaycanın tanınmış dramaturqları Maqsud İbrahimbəyov və Rüstəm İbrahimbəyov Nailə Nəzirova ilə birgə maraqlı inkişaf xəttinə malik bir libretto yaratmışlar.

"Bir dəfə şahlardan biri – gənc və əzəmətli Şəhriyar öz sevimli arvadı ilə vidalaşıb ova gedir. Gözlənilmədən saraya qayıdan şah arvadını qulun ağuşunda görür. Aldanmış ər, alçaldılmış hökmdar bu rüsvayçılıqdan donub qalmış şahidlərin gözləri qarşısında arvadına divan tutur və bütün gənc qadınları edam etmək kimi dəhşətli bir fərman verir.

Nahaq yerə ölümə məhkum olunmuş qadınların yalvarışları hiddətli şahın qəzəbini söndürmür. Budur, qəzəb dünyasına – gözəllik və müdriklik daxil olur; bu Şəhrizaddır. Bu zaman sanki möcüzə baş verir. Şəhriyarın qəddar ürəyində məhəbbət hissləri oyanmağa başlayır. Ancaq o, sevsə belə, qərarını dəyişmir – Şəhrizadı ölüm gözləyir. Ağlın qəzəblə, məhəbbətin nifrətlə mübarizəsi başlayır. Şəhriyar birdən-birə təslim olmaq istəmir. Əvvəlki məhəbbət və xeyirxahlığa inamı yenidən əldə etmək üçün o, Şəhrizadın əsrarəngiz nağıllar dünyasına daxil olub min bir gecə keçirir".

"Min bir gecə" baletində hadisələr təzadlı müqayisə prinsipi əsasında qurulmuşdur. Birinci pərdədə hisslər qamması – məhəbbət, xəyanət, qısqanclıq, inamsızlıq, nifrət, yenicə oyanmağa başlayan ümid gərgin musiqi – dramaturji axında inkişaf edir. Burada səslənən məhəbbət mövzusunu tərənnüm edən vokaliz introduksiyada zərb alətlərinin ifasında çox sərt və qəzəbli səslənir; Şəhriyar və Nuridənin ayrılıq səhnəsi eyş-işrət səhnəsi ilə, Şəhriyarın monoloqu – qadınların yalvarışı, cəlladların səhnəsi ilə qarşı-qarşıya qoyulur.

Şəhrizadın xeyir və məhəbbətin gücü ilə şər qüvvələrilə mübarizəsi və qələbəsi məşhur ərəb nağıllarının poetik dünyası ilə birləşdirilərək baletin librettosunun əsas süjet xəttini, ideya – məna yükünü müəyyənləşdirmiş oldu. Nağıllarda olan əsas qəhrəmanlar – qəddar, azğın hökmdar Şəhriyar və cəsur, müdrik Şəhrizad realistik cizgilərlə verilmişdir.

Baletdə nağılların, süjetlərin, personajların sayı nağıllarda olduğundan azdır. Onlardan yalnız ekspozisiya, başlanğıc, final və üç nağıl – "Sindbad və sehrli Ruh quşu", "Ələddin və gözəl Budur" və "Əlibaba və qırx quldur" librettoya daxil edilmişdir. Bu miniatürlərin hər biri sərbəst nağıl olmaqla bərabər bəstəkara xas böyük ustalıqla monolit bir əsər şəklində təqdim olunmuşdur. Bunun nəticəsində arasıkəsilməyən vahid dramaturji xətt yaranmışdır. Şəhrizadın söylədiyi nağıllar, onun musiqi mövzusu bu üç kiçik baleti birləşdirməyə kömək edir.

(səs:0)
Müəllif: Roya | Baxış: 513|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.