"Yeddi gözəl" - TEATR

"Yeddi gözəl" - TEATR


"Yeddi Gözəl" — Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə bəstələnmiş balet. Dörd pərdəli baletin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhman tərəfindən yazılmışdı. İlk səhnələşdirmənin xoreoqrafı Pyotr Qusevdir. Baletin premyerası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir.

1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü ərəfəsində baletin yeni musiqi-səhnə redaksiyası işlənmişdir. Əvvəlki dörd pərdəlik kompozisiya, librettoda bəzi süjet dəyişikləri, musiqinin ixtisarı hesabına üç pərdəyə endirilmişdi. Lakin əsərin mərkəzində qoyulan ideya, əsas dramatik xəttlər qorunub saxlanmışdı. 1964-cü ildə balet yenidən redaksiya edilmişdi. Əsərin fabulasında və musiqi dramaturgiyasında əhəmiyyətli bir dəyişikliyə yol verilməsə də, bu redaksiya xarakterlərin daha aydın və qabarıq verilməsinə imkan vermişdi.

"Yeddi gözəl" poeması, öz yaradıcılığı ilə şeirə yeni ruh verib, onu sarayların məngənəsindən qurtararaq, ümumxalq sərvətinə çevirmiş dahi şair Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş poemadan (məsnəvidən) dördüncüsüdür. Şair poemanı 31 iyul 1197-ci il də tamamlamış və Marağa hakimi Əlaəddin Körpə Aslana (1174 – 1208) ithaf etmişdi. Poemanın mövzusu Sasani hökmdarı V Bəhramın həyatı ilə bağılıdır. Ancaq şair onun həyatını əks etdirmək adı altında, öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələrlə dolu bir əsər yaratmışdır. “Yeddi gözəl” həyat və insan, tarix və müasir dövr, hökmdar və cəmiyyət və sair mövzular ətrafında şairin zəngin, rəngarəng düşüncə, baxış və qənaətləri xəzinəsidir.
Nizaminin məqsədi Bəhram haqqındakı əfsanə və rəvayətləri, tarixi mənbələrdə onun haqqında verilən məlumatları toplayıb nəzmə çəkmək olmamışdır. Şair, Sasani hökmdarının simasında yeni insan idealını əks etdirmək, zaman və insan anlayışı ətrafındakı dərin düşüncələrini ifadə etmək istəmişdi. Lakin "Yeddi gözəl" poeması yalnız ədalətli hökmdar surəti yaratmaq, ideal şah arzularını əks etdirmək üçün yaradılmış bir əsər də deyil. Bu poema insana yeni – İntibah dövrünün münasibətlərini əks etdirən bir əsərdir. Şairin əsas poetik qayəsi insan necədir və necə olmalıdır fikrini geniş planda əks etdirmək olmuşdur.

“Yeddi gözəl” poeması obrazların təqdimi baxımından Nizami yaradıcılığında fərqli mövqeyə malikdir. Bu əsərində şair, surətlərə ancaq müəyyən ideyanı, fikri təcəssüm etdirən, hadisələri bir-birinə bağlayan müxaniki, zahiri vasitə kimi baxmır, onlar hər şeydən əvvəl hər hansı cəhətdən bir-birinə bənzəməyən, müəyyən vərdişləri, qayğıları, keyfiyyətləri olan canlı, səciyyəvi adamlar kimi təqdim olunurlar. “Yeddi gözəl”də bütün surətlər eyni dərəcədə geniş və çoxplanlı şəkildə təsvir edilməmiş, əsas diqqət isə Bəhram Gur surəti üzərində cəmlənmişdir.

Baletin ilk tamaşası 6 noyabr 1952-ci ildə M. F. Axundov adına Azərbaycan Dövlət Adademik Opera və Balet teatrında keçirilmişdir. Bu tamaşada baletin xareoqrafı RSFSR-in əməkdar artisti, tanınmış xoreoqraf, baltemeyster və pedaqoq Pyotr Qusev olmuşdur. Azərbaycanın Xalq Artisti, prima-balerina Qəmər Almaszadə baletin səhnələşdirilməsində ümumi məsləhətçi kimi çalışmış və bir sıra rəqslərə səhnə quruluşu vermişdir.
Tamaşa zamanı orkestra rəhbərliyi K. Abdullayev etmişdi. Tamaşa ölkənin musiqi həyatında böyük hadisə kimi dəyərləndirilmiş və ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Baletin premyerası eyni zamanda böyük beynəlxalq maraq doğurmuşdu. Premyera münasibəti ilə SSRİ-nin Xalq Artisti, məşhur bəstəkar Dmitri Şostakoviç yazdığı məqalədə qeyd edir ki, “...Yeni baletin ən güclü tərəfi onun musiqisidir. Q. Qarayev bu əsərində musiqi vergisini əvvəlki əsərlərindən daha qabarıq şəkildə büruzə vermişdir. “Sovetskaya muzıka” qeyd edir: “Yeddi gözəl”in partiturası monumental simfonik təsvirdir. Xalq musiqi-rəqs ənənələrinə əsaslanan balet böyük tamaşa kimi təşəkkül tapmışdır. Xalqın, Aişənin, Bəhramın, Mənzərin və Vəzirin xarakteristikaları ümumi hadisələr fonunda təqdim edilərək, hadisələrin inkişafına təkan verir.”

Premyerada aktyorların ifası da xüsusi diqqət çəkmişdir. Aişə rolunu Azərbaycanın Xalq Artisti, prima-balerina Leyla Vəkilova oynamışdı. Onun ifasında Aişə obrazı təkcə qəhrəmanlıq, dramatizm və sosial məsuliyyət hissi ilə deyil, eyni zamanda daxili gözəlliklərin büruzə verilməsi ilə də diqqəti cəlb eliyir. L. Vəkilovadan sonra Aişə rolunu Azərbaycanın Xalq Artisti, prima-balerina Qəmər Almaszadə canlandırmışdır. Q. Almaszadənin ifasında Aişə obrazının daha çox lirik xüsusiyyətləri nəzərə çarpdırılmışdır. Mürəkkəb psixoloji xüsusiyyətlərə malik Bəhram obrazını Y. Kuznetsov canlandırmışdır. Qəhrəman Mənzər obrazını Azərbaycanın əməkdar artisti Konstantin Bataşov, Vəzir rolunu isə A. Urantsev canlandırmışdır.

(səs:1)
Müəllif: Roya | Baxış: 1174|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.