Quranda islam əqidəsi - Müəllif yazısı

Quranda islam əqidəsi - Müəllif yazısı


Peyğəmbərdən belə bir hədis nəql edilir: "Elm bir nöqtə idi, onu cahillər çoxaltdı"

İslamın zühuru ərəfəsində elm lakonik və dolğun, alimin də, cahilin də, tacirin də, çobanın da anlayacağı formada idi. Quranda Allah bəyan edir ki, bu kitabı sizə, yəni bütün insanlara yollayıram, hər şeyi də açıq-aşkar bəyan edirəm. Ancaq təəssüf ki, sonralar istismarçı ruhani təbəqə formalaşdı və elə bir qəlis teoloji format hazırladı ki, sanki Quran və elm sırf alimlər, ruhanilər üçündür. Qalanları elmi və Quranı ilkin mənbədən deyil, məhz onlardan, özü də onların bəyan etdiyi formada əxz etməlidirlər. Bu, bir növü Hindistandakı brahmanları xatırladırdı.

Beləliklə İslamın ilkin qəbul edilmə əsaslarının da nədən ibarət olması haqda hər təbəqə, hər məzhəb özünəməxsus bəndləri soxuşdurdu. Buna misal olaraq deyə bilərik ki, sünnə əhli sayılan bir cəbhə Allah və axirətə inamı olan iki əsas prinsipə, mələklərə, kitablara, qəza-qədər imanı da əlavə etdilər. Əslində buna ehtiyac yox idi. Çünki Allaha inanan onun mələk və kitablarına da inanır, deməkdir. Qəza və qədər inam isə Yezidi Kərbəla hadisəsini törətdikdən sonra Əməvilər tərəfindən himayə edilən Cəbəriyyə kimi təriqətlər tərəfindən oraya atılırdı. Bununla onlar demək istəyirdilər ki, Hüseyni biz yox, Allah öldürdü.

Əhli şiə adlanan ikinci bir cəbhə isə İslamın bu iki əsasına Ədalət və İamət deyə iki bənd əlavə etdilər. Ədl, yəni ədalət əhli-sünnənin Qəza və qədər prinsipi müqabilində idi, yəni Allah adildir və o öz bəndəsini əbəs yerə zülmə məruz qoymaz. Alt qatda isə İmam Hüseynin qətlinin cinayətkarlarının ifşası dururdu. Əsasən də Abbasilər dövründə Yunan məxəzlərini tərcümə etdirib ölkədə böyük elm ocaqları yaratmış Abbasilərdən çox şey əxz edirdilər. Mötəzilə məzhəbini, yəni elmin hər şeydən yüksək fövqdə durmasını aşılayan Abbasi xəlifələri himayə edirdilər. Hətta Əhməd bin Hənbəl adlı əhli sünnənin böyük bir alimini onlar Quranın məxluq olmasını qəbul etmədiyinə görə qətlə də yetirmişdilər.

Mötəzilə elə bir ideoloji məzhəb idi ki, indiki məzhəblərdən fərqli olaraq onlar fiqhi, əməli problemlərdən daha çox etiqadi, fəlsəfi məsələlərin üstündə çox dayanırdılar. İndiki məzhəblərin demək olar ki, əksəriyyəti Mötəzilə məzhəbindən bəhrələnmişlər. Həsən əl Əşəri əvvəllər Mötəzili olmuş, sonralar isə əhli sünnənin Əşərilik əqidə məzhəbini yaratmışdır ki, bu gün əhli sünnə etiqadda Əşəri və Maturidiyə təqlid edirlər. Cəfəri məzhəbinin isə əqidə cəhətdən formalaşmasında ən əsas rolu Mötəzilə məzhəbi oynamışdır. Ya nədəsə onlardan bəhrələnilib, ya da onlara əks mövqe tutulub.Çünki Cəfəri məzhəbinin sırf İmamlar tərəfindən formalaşdırılması başqa söhbətin mövzusudur və hamı tərəfindən qəbul edilmir.

İmamət bəndinin üsuli dinə, yəni dinin etiqad əsasları arasına əlavə edilməsi isə sırf Cəfəri məzhəbinə aiddir. Çünki, qarşı tərəfin qeyri-müsəlman sayılması və toxunulmazlıq hüququndan məhrum edilməsi üçün əqidə baxımdan tam olmaması ittihamı etməyə əsas olmalı idi. Beləliklə də İmamət əlavə edildi və İmanın əsası kimi ona inanmayanlar bir növü yarımüsəlman hesab olundu. Yəni, sünnə əhli şübhəsiz ki, bu inancı sonradan yaranma və islama aidiyyatı olmayan bir inanc olduğunu deyir və qəbul etmir. Bu baxımdan da bu cür etiqad əsasları iki məzhəbin bir-birindən uzaqlaşdırılması uğrunda çabaların bariz nümunəsi olaraq üzə çıxıbdır. Özünü müsəlman sayıb, Peyğəmbərin gətirdiyi hər şeyə iman gətirən deməli, Allahın ədalətinə də, qüdrətinə də, xaliqiyyətinə də, qəza və qədərinə də, Mələyinə də, Cininə də iman gətirib deməkdir.

Onda gərək imanın şərtləri, üsuliddin olaraq 100-dən artıq maddə əlavə edək: Qurana iman, peyğəmbərlərə iman, İmamlara iman, mələklərə iman, cinlərə iman, şeytanın varlığına iman, Allahın ədalətinə iman, cənnətə iman, cəhənnəmə iman... Və sonsuza qədər bu davam edər. Yoxsa o zamanlar, məzhəblərin formalaşdığı dövrdə, kim kimi lənətləyib islamdışı etmək istəyirdisə, dinin üsuluna qarşı tərəfin inanmayacağı bir bənd əlavə edib həmin məzhəbi bu maddəyə inanmadığı əsası ilə lənətləyirdi. Din budurmu? Əlbəttə xeyr. Ona görə də bu məsələlərə daha obyektiv yanaşan, həqiqəti bir növ aşkar edən, cahillərin çoxaltdığı elmin içindən əsl elmi ortaya çıxardan Əllamə Burqui adlı bir Ayətullahın, dövrünün və indinin böyük aliminin bu barədə baxışını sizlərə təqdim edirik. Qed edək ki, bu alim xurafata, bütpərəstliyə, məzbəh ayrı-seçkiliyinə qarşı olmuş və sadə həyat yaşamışdır. Ona görə Əllamə Burquinin fikrini qeyd edirik ki, tanınmış və mötədil üləmadandır. Ələlxüsus da dindar təbəqəmiz təqlidə və müctəhidlərə o qədər bağlanıblar ki, az qala nəfəs alanda da müctəhidin fikrini gözləyirlər. Yəni, bu sözü mən desəm, inanmazlar, ancaq Ayətullah, alim, müctəhid, əllamə desə, yəqin ki, nəzər-diqqət fərqli ola bilər. İnsanın hər şeydən əvvəl əqidəsi saf olmalıdır. İnandığı dinin təməlinə, bünövrəsinə düzgün etiqad etməyən müsəlman sonra büdrəyə bilər. Ona görə də ilkin əqidə əsaslarının nədən ibarət olduğunu alimdən oxuyaq:

Qurana görə İslamda iki şeyə iman gətirmək kifayətdir

Quran bir neçə ayədə iki şeyə iman gətirməyin dünya və axirət xoşbəxtliyi üçün kifayət etdiyini bildirmişdir. Həmin o iki əlamət dinin iki əsası (əsli) olmuşdur. Onlar da Mübdi və məada, yəni Allaha və qiyamət gününə, yəni tövhidə və məada iman gətirməkdir. "Bəqərə” surəsinin 62-ci ayəsində buyurulur: "İman gətirənlərdən (müsəlmanlardan), yəhudiləşmiş şəxslərdən, xaçpərəst və sabiilərdən Allaha və axirət gününə iman gətirən və saleh əməllə məşğul olanların mükafatları Rəbbin yanındadır. Onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər”.

Allah-Taala Quranın bu ayəsində Allaha və axirət gününə iman gətirməyin mükafat, savab və əzabın uzaqlaşdırılması üçün kifayət etdiyini bildirmişdir. "Maidə” surəsinin 69-cu ayəsi də bu məsələ barəsində danışır. "Bəqərə” surəsinin 126-cı ayəsində Həzrət İbrahim bu iki əsasa iman gətirmiş şəxs barəsində dua etmiş və demişdir: "Yadına sal ki, İbrahim: "Ey Rəbbim, buranı təhlükəsiz və asudə bir şəhər et, əhalisinə, Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!” - deyə dua etdikdə Allah: "Kafir olanı az bir müddət faydalandırar, sonra onu atəşin əzabına sürükləyərəm. Ora nə pis varılacaq bir yerdir”, - deyə buyurdu”.

"Ali-İmran” surəsində gecə saatlarında Allahın ayələrini oxuyan, səcdə edən, Allaha və axirət gününə iman gətirən şəxslər təriflənmiş və belə buyurulmuşdur: "Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) yol tutan insanlar da vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha və axirət gününə iman gətirirlər. ...” (Qurani Kərim)

Onları salehlərdən saymışdır ki, hər namazda "əs-Səlamu əla ibadillahissalihin”, - deyərək onlara salam vermək lazımdır. "Maidə” surəsinin 69-cu ayəsində də onlar təriflənmiş və "Tövbə” surəsinin 18 və 19-cu ayələrində [5] iman, fəzilət və hidayətin əsasının Allaha və axirət gününə iman gətirməkdən ibarət olduğunu bildirmiş və buyurmuşdur ki, məscidləri təmir etmək haqqı onlara aiddir. Həmin surənin 99-cu ayəsində Allaha və axirət gününə iman gətirmiş bədəviləri tərifləmiş, onların ilahi rəhmətə nail olacaqlarını bildirib buyurmuşdur: "Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə iman gətirir, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün yaxınlaşmağa bir səbəbdir. Allah onları öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah Qəfurdur (Bağışlayandır), Rəhimdir (rəhm edəndir)!”
"Yusuf” surəsinin 37-ci ayəsində Həzrət Yusif "... Mən Allaha iman gətirməyən və axirəti də inkar eləyən bir qövmün dinini tərk etdim!” - deyərək bu iki əsasa inanmayanları kafir adlandırmışdır. Allah-Taala "Mücadələ” surəsinin 22-ci ayəsində "(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onları bir ruhla (iman, hidayət nuru ilə) dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi - məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır” - buyuraraq Allaha və axirət gününə iman gətirən bir tayfanı çox böyük saymışdır.
İndi isə məsələyə əqli baxımdan yanaşaq:

Əqli baxımdan Allaha və axirət gününə iman gətirmək və onun faydaları

Gərək hər kəs başa düşsün ki, Allaha və axirət gününə iman gətirməyin dünya və axirət üçün çox faydaları vardır. Digər əsaslara iman gətirmək belə deyildir. Çünki bu ikisinə iman gətirmək bəşərin fəsada mübtəla olmasının qarşısını alır, onu zülmdən, sitəmdən və xəyanətdən çəkindirir, çünki Allaha iman gətirir. Hansı Allaha? Bilmək lazımdır ki, Allah İlahdan başqadır. İlah kəlməsi şüursuz və cansız bir büt olmasına baxmayaraq, hər bir məbuda deyilə bilər. Lakin Allah kəlməsi bütün kamalatı (kamillikləri) Özündə cəmləşdirən bir Zat üçün işlənir. Deməli, Allah elə bir varlıqdır ki, hər şeyi zatən bilir, O, hər şeyə qadirdir. Zatən hər şeyi əhatə edir, hər şeyə qalib və qahirdir, hər yerdə hazır və nazirdir, aləmin bütün zərrələrini əhatə etməkdədir, bütün mümkinat (mümkün olan şeylər) Onun nəzarəti altındadır və heç bir məxluqdan bixəbər deyildir. Belə də buyurmuşdur:

"... Biz məxluqatdan da xəbərsiz (qafil) deyilik”Quran.

"... Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!”Quran.

Əgər bir şəxs hər yerdə hazır olan belə bir Allaha, digər tərəfdən hər bir işin, işarənin və fikrin hesaba çəkiləcəyi və hər bir hərəkət və sükunətinin nəzarət altında olduğu qiyamətə, daimi əzaba, savaba və əzaba iman gətirsə, artıq xəyanət, cinayət və günah etməyə cürət etməyəcəkdir. Deməli, bu iki əsasa (əslə) iman gətirməyin belə bir təsiri vardır. Lakin bu iki əsasdan qeyrisinə iman gətirməyin belə bir təsiri yoxdur. Məsələn, filan imamın, yaxud filan böyük şəxsiyyətin çox müqəddəs, abid və zahid olduğuna, yaxud filankəsin çox alçaq bir şəxs olduğuna iman gətirməyin və etiqad etməyin nə təsiri vardır? Nə yaxşıların yaxşılığından, nə də pislərin pisliyindən bizim qovluğumuza nəsə yazırlar və bu heç də başqa insandan hər hansı bir şəri və zərəri uzaqlaşdırmır. Şəri və zərəri uzaqlaşdıran yalnız Vahid və Qəhhar Allahdır.

Quran baxımından mələklərə, kitablara və ilahi elçilərə iman gətirmək

Allah-Taala Quranda mələklərə, kitablara və ilahi elçilərə iman gətirməyin zəruri olduğunu dəfələrlə vurğulamışdır. "Bəqərə” surəsinin 4-cü ayəsində buyurur: "Müttəqilər o şəxslərdir ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar...”

Həmin surənin 285-ci ayəsində buyurulur: "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirmiş və möminlər də iman gətirmişlər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla. Dönüşümüz Sənədir!”

Hər bir mömin istər avam olsun, istərsə alim, istər imam olsun, istərsə məmum, hətta Peyğəmbərin özü də bu üç şeyə iman gətirməlidir və bunlara inanmamaq küfrdür. "Nisa” surəsinin 136-cı ayəsində buyurulur: "... Allahı, Onun mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar edən şəxs, şübhəsiz ki, yolunu çox azmışdır”. Lakin Allaha və axirət gününə iman gətirməklə, bu üç şeyə iman gətirmək arasında fərq vardır. Allah və axirət gününə iman gətirmək iki müstəqil əsasdır (əsldir), digər üç şeyə iman gətirmək isə asılı və vasitəvi imandır, çünki o ikisinə (tövhidə və məada) iman gətirmək hədəf və məqsəd, digər üç əsasa iman gətirmək isə hədəfə çatmaq vasitəsidir. Belə ki, o üç əsas o iki əsasa doğru istiqamətləndirir, çünki Allaha və axirət gününə iman gətirmək Allahın zatını və sifətlərini əhatə edə bilməyən, Allahın və qiyamətin keyfiyyətini və hüviyyətini (həqiqətini) bilməyən bəşər övladı üçün mümkün deyildir. Lakin hər ikisinin (tövhid və məadın) vəhy vasitəsilə və Allahın Özü tərəfindən öyrədilməsi istisnadır, çünki bəşəri alimlər, hətta peyğəmbərlər belə Allahın zatını əhatə edə bilmirlər və Onun keyfiyyətini bilmirlər. "Nəhl” surəsinin 74-cü ayəsində buyurulur: "Allah üçün misallar vurmayın (yəni başqa şeyləri Allaha bənzətməyin), Allah bilir, siz isə bilmirsiniz!”

Allah Rəsulu buyurmuşdur: "Onun necə olduğunu Ondan başqa, heç bir kəs bilmir!” Əli əleyhissəlam "Nəhcülbəlağə”nin birinci xütbəsində buyurur: "Həmd Allaha ki, öyənlər Onu layiqincə öyə bilməz. Elə bir məbuddur ki, dərin düşüncələr Onu dərk edib başa düşə bilməz və ağıl-fikir dənizinə dalanlar zatının künhünə (əslinə) vara bilməz. ...”

"Zehninizə gətirdiyiniz hər bir şey zehninizin məxluqudur və sizin yaratdığınız bir şeydir”.

Allah Rəsulu buyurmuşdur: "Allahın zatı barəsində təfəkkür etməyin! Kim Onun zatı barəsində təfəkkür edərsə, zindiq (kafir) olar!”

Allah özünü iki yolla tanıtdırır

Biri təkvin (yaradılış və xilqət aləmi) yolu ilə, digəri isə vəhy yolu ilə. Bu barədə Əmirülmöminin (ə) "Səbah” duasının əvvəlində deyir: "Ey Öz zatına zatı ilə dəlalət edən və Öz məxluqatı ilə həmcins olmaqdan münəzzəh olan!”

Həzrət Səccad "Əbuhəmzə Sumali duası”nda deyir: "Ey Allahım, Sən dediyin kimisən və bizim dediyimizin də fövqündəsən!” Və yenə buyurur: "Ey Məbudum! Sən məni Özünə doğru hidayət etdin və əgər Sənin hidayətin və yolgöstərməyin olmasaydı, Sənin nə olduğunu dərk edə bilməzdim”.

Tural İrfan, Cebhe.info
(səs:0)
Müəllif: Libera | Baxış: 457|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.