Nicat Həşimzadə: "Gülnisələr, Tükəzbanlar mənə ilham verir"

Nicat Həşimzadə: "Gülnisələr, Tükəzbanlar mənə ilham verir"


"Qogenin ikinci qadını" adlı kitabın müəllifi gənc yazar Nicat Həşimzadənin Libera.az-a müsahibəsi

- Niyə məhz ədəbiyyatı seçdiniz? Təhsiliniz bu sahə üzrədir, yoxsa sadəcə istedadınız olduğunun fərqinə vardınız?
- Mən ədəbiyyatı seçmədim, ədəbiyyat məni seçib, görünür belə lazım imiş. İstedadlı olduğumu düşünmürəm. Daha çox kitab oxuduqca məndə yazmaq arzusu yarandı, ədəbi fəaliyyətə belə başladım. Lakin yazıçıyam deyə biləcək bir hekayəm, şairəm deyə biləcək bir şeirim yoxdur, hələ də mübarizə aparmaqla, məşq etməklə məşğulam. Yaradıcılığın Tanrı ya təbiət məhsulu olduğunu düşünmürəm. İstedad bəxşiş deyil. Onu özün qazanmalısan.

- "Qogenin ikinci qadını" adlı kitabınızda nədən bəhs edirsiniz?
- Kitabı yazmışam. Kitabda yazılan hər şey beynimi, ruhumu tərk edib. İndi ikinci kitab haqqında düşünürəm. Bu səbəbə görə də 1-ci kitab haqqında danışıb fikirlərimi qarışdırmaq istəmirəm. Kitab yazılıbsa artıq oxucunundur. O, oxuyub, qərar verəcək.

- Qadınlar sizə ilham verir?
- Bəli, Gülnisələr, Tükəzbanlar mənə ilham verir, onları qıcıqlandırmaqdan, onları özlərinə tanıtmaqdan həzz alıram. Elə Gülnisələr var ki, fəlsəfənin əlifbasını öyrənmədən Nitşeni, Şoppenhaueri oxuyur, sonra da adama dərs keçir. Bu tip qadınlara dözmək olmur.

- Azərbaycan qadınını necə təsvir edirsiniz?
- Dəfələrlə demişəm ki, Azərbaycan qadını istedad yarada bilmir. Ona bahalı şubalar, toylarda özünü göstərmək üçün bahalı libaslar, ayaqqabılar lazımdır. Çünki özünü elmdə, mədəniyyətdə, sənətdə sübut edə bilmir, savadı çatmır. Bu tip qadınlar mədəniyyət, sənət düşmənləridir. Onlar oxumurlar, filmlərə baxmırlar, teatra getmirlər. Onlar üçün film, teatr və kitab toydur. Ancaq toy. Qızının yaxşı rəqs etməsiylə fəxr edən anadan başqa nə gözləmək olar ki?

- Bu halın yaranmasında günahı ancaq qadınlarda görürsünüz? Yani kişilərimiz və mentalitetimizin bunda rolu yoxdur?
- Kişilərdən heç nə gözləmirəm, sutkanın 14-16 saatı və hətta həftənin şənbə və bazar günləri gərgin iş rejimində çalışan atalardan nəsə tələb etmək axmaqlıq olar. Yeni nəsli qadınlar tərbiyə etməlidir. Dünyanı dəyişməyə ehtiyac yoxdur, dünyanı ölməyə qoymamaq lazımdır. Gəlin, düşünək, neçə Azərbaycan qadını bunlar haqqında düşünür?

- Ancaq təsir tək ailədən yox, ətrafdan da olur. Misal üçün, geyimə, davranışa, çevrəsinə görə qızlara "əxlaqsız" damğası vurulur. Və bunu daha çox kişilər edir...
- Dərd bilirsiniz nədədir? Cəfər Cabbarlının "Sevil" pyesində yazılanlar hələ də aktualdır. Hələ də müsbət dəyişiklik yoxdur. Hələ də hansısa yadplanetlinin bizi xilas etməsini gözləyirik. Başqalarına görə yaşamaq axmaqlıqdır. Sartr deyirdi ki, cəhənnəm başqalarıdır. Gənclər mübarizə aparıb öz həyatlarını qurmalı, yeni fikir yaratmalıdırlar.

- Bəs niyə "müasirlikdən" danışan oğlanlar, evlilik vaxtına çatanda onlarla eyni düşüncədə olan "modern" qızları yox, ailələrinin seçdiyi "ev qızı" ilə ailə qururlar?
- Çünki nə qədər müasir olsalar da ənənələr, qohumlar, qonşular qarşısında aciz qalır, ömrü boyu dedi-qodu hədəfinə çevrilmək istəmirlər. Əvvəlcə cəmiyyətin komplekslərini qırmaq lazımdır.

- Ancaq bir az öncə Azərbaycan qızlarını qınadınız. İndi isə deyirsiniz, oğlanlar ənənələr, dilə düşmək qarşısında aciz qalırlar. Kişilər bundan qorxursa və bunu normal qarşılayırsınızsa, qızların bu ənənələr qarşısında aciz qalması, hətta boyun əyməyə məhkum olmasını niyə qınayırsınız?
- Hamı hər şeyi edir, hamı da gizlədir, çünki səmimi münasibət yoxdur. Təkcə qızlar günahkar deyil, gənc nəsli günahkar hesab etmək düzgün deyil. Yaşlı nəsil düzgün ənənələr qura bilməyib. İndi də səhv ənənələri ilə camaatın beynini zorlamaqla məşğuldurlar.

- O zaman demək ki, qızların belə yetişməsində günahın böyük hissəsi analarda yox, sırf mental düşüncədən irəli gəlir. Çünki "Tükəzban" yetişdirən ana da o yaşlı nəslin nümayəndəsi və o kişilərin də çəkindiyi adət ənənə, qohum-qonşu dilinə düşməkdən çəkinir...
- Yeganə çıxış yolu kitab oxumaqdır. Bu məsələ haqqında çox danışdıq. Kitab oxumaq lazımdır, kitab. Biz kitabsız xalqıq. Bu səbəbə görə də günəşi küləş başa düşürük.

- Keçək ədəbiyyata. Sizi ən çox təsirləndirən, daxili aləminizi əks etdirən əsər hansıdır? Ümumiyyətlə, özünüzə kumir seçtiyiniz kimsə var?
- Kumirim yoxdur, amma Dostoyevskini, Aziz Nesini, Sveyqi sevirəm. Sevdiyim əsərlər çoxdur. Konkret olaraq birinin adını demək istəmirəm.

- Bəs hansı əsərdə xəyallarınızdakı qadın obrazını tapmısınız?
- Hələ ki tapmamışam. Axtarışdayam.

- Bəs real həyatda?
- Realda ümumiyyətlə axtarmıram. Görülməsi vacib olan daha ciddi işlər var.

- Hec olmasa xəyalınızdakı obrazı təsvir edərdiniz...
- Olmayan obrazı necə təsvir edim.

- Daha vacib planlarınız olduğunu deyirsiniz. Planlarınız nədən ibarətdir?
-Həyata keçsə görəcəksiniz. Öncədən proqnozlaşdırmaq düzgün olmaz.

- Yeni kitaba başlamısınız?
- Başlamışam. 2016-ci ildə çap etdirmək fikrim var. Maddi problemləri həll edə bilsəm, yeni kitab çap olunacaq.

- Nicat bəy, gənc yazar olaraq sizə dəstək olanlar var? Oxucular və təcrübəli yazarlar tərəfindən sizə münasibət necədir?
- Azərbaycanda sağlam ədəbi mühit yoxdur. Azad Yazarlar Ocağının və Yumruq ədəbi birliyinin üzvüyəm. Ancaq bu iki quruma aid olan yazarlar mənə dəstək olurlar. Kitabımı oxucularım öz maddi vəsaitləri hesabına çap etdiriblər. Onlardan narazılıq etməyə haqqım çatmır. Qaldı ki, digər təbrübəli yazarlara, onlar haqqında ümumiyyətlə heç bir fikrim yoxdur.

- Sosial şəbəkədə paylaşımlarınızda daha çox üsyanedici statuslarınız olur. Bunlar kimlərin ünvanınadır?
- Yazıçı dediyin adamın hər fikri cəmiyyətə şapalaq kimi toxunmalıdır, insanları silkələməlidir. Mən üsyan etmirəm, sadəcə azad fikirlərimi yazıram. İnsanlar fərqli başa düşür. Bir oxucu bir cür, digər oxucu başqa cür başa düşür. Demək ki, yanaşmalar fərqlidir. Nifrətlərini də anlayıram və təbii qəbul edirəm. Bu zamana qədərki yazarlar onları tərifləyiblər, mənsə əksini edirəm, təbii ki, reaksiyalar dəyişir.

- Özünüzə qarşı mənfi reaksiyalar görəndə bu sizi ruhdan salır, yoxsa daha çox ruh verir?
- Ciddi yanaşmıram. Əhəmiyyət vermirəm. Daha ciddi işlərlə məşğul olmaq lazımdır. Zaman ən qiymətli xəzinədir. Zamanımı itirmək istəmirəm.

- Artıq 2016-ci ilə qədəm qoyduq. Geridə qalan ili özünüz üçün uğurlu sayırsınız? Zamandan yaxşı istifadə edə bildiniz?
- Məncə hə. Xeyli kitab oxudum, 100 dən çox ciddi filmə baxdım. İki kitab yazdım. Birini çap etdirdim. Bir aya 110 kitabım satıldı. Məncə uğurlu saymaq olar.

Libera.az
(səs:2)
Müəllif: Roya | Baxış: 983|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.