Azərbaycanlı homoseksualın üsyanı və etirafları - MÜSAHİBƏ

Azərbaycanlı homoseksualın üsyanı və etirafları - MÜSAHİBƏ

Homoseksualizm Azərbaycan cəmiyyətində elə də qəbul olunmayan, daim tənqid, qınaq mövzusu olub. Bu səbəbdən homoseksuallar daim özlərini gizlətməyə, gerçəyi inkar edərək yaşamaq məcburiyyətində qalırlar. Lakin onların arasında qınaqdan, tənqidlərdən qorxmayanlar da var. Onlardan biri bu gün Libera.az saytının qonağıdır.

-Əvvəlcə özünüz haqda ətraflı məlumat verin...
- Elvin Nəsimi. 23 yaşım var. Orta təhsilliyəm. Müddətli hərbi xidmətimi başa vurduqdan sonra müqavilə əsasında müddətdən artıq xidmətə-muzdlu əsgər kimi işləməyə başladım. Üç illik müqavilə imzalamışdım, amma 2 il 7 aydan sonra çıxdım. Məcburi xidmətdən imtina raportu yazdım. Çünki, homoseksual və inancsız olduğumu bilən silahdaşlarım, bunu yuxarı komandanlığa çatdırmışdılar. Mənə komandanlıqdan bildirdilər ki, guya inancsız olduğumdan narahat olduqları üçün xidmətdən uzaqlaşdırılmağım barədə raport yazmağımı istəyirlər. Mən konstitusiyamızın vicdan azadlığımı müdafiə edən maddələrindən sitat gətirdikdə bildirdilər ki, əgər öz razılığımla raport yazıb çıxmasam xidmətim normal getməyəcək. Bəlli idi ki, burda əsas "problem" orientasiyam idi, lakin onlar bunu dilə gətirməkdən də utanırdılar. Beləliklə, təxris oldum. Vətən eşqimi də, insanlara sədaqət borcumu da, etibarı da orada qoyub, çıxdım. İndi özəl istehsalat müəssisəsində baş mühasibatçının köməkçisi-anbardar vəzifəsində çalışıram. Burda da diskriminativ münasibətlərlə rastlaşıram. Amma rəhbər şəxs humanist və işgüzar qabiliyyətə dəyər verən biri olduğu üçün artıq 7 aydır işləyirəm.

- Azərbaycanda homofobiyanin kökünü səbəbini nə də görursünüz?
- Mənasız menatalitet (sürü psixologiyası qanunları) dəyərlərindən doğan streotiplərdə və dinlərin yanlış təlqin etdiyi iddialarda. Səbəb çoxdur əslində: təhsilsizlik, səbəbsiz nifrət, qorxu və s...

- Niye maarifci qüvvələr sizi istənilən kimi hüquqlarınızı müdafiə edə bilmir? Səbəb sizdədir, yoxsa onlarda ?
- İlk olaraq bizdə, çünki bunu tələb etmirik. Sosial şəbəkələrdə saxta profil açaraq hüquqlarını tələb etmək ən primitiv yoldur. İkinci səbəb və günah isə maarifçi "qüvvə"lərdə. Axı onlar qüvvədilər, güclüdürlər. Cəmiyyət homoseksual deyəndə "fahişə oğlan" düşünür. Düzdü bu cəmiyyət mərdi qova-qova namərd edir, amma bunu etməmələri üçün həmin qüvvələr çalışmalıdır. Təəssüf ki, homoseksualizm haqda maariflənmək fərdi düşüncə qabiliyyətinin inkişafına təkan verdiyi üçün bu hakim qüvvələr xeyir etmir. Maarifçi qüvvələrimiz də həmin hakimlərə görə susmağa məcbur olurlar. Təbii ki, bu qüvvələrin özündə də mental və homofobik insanlar az deyil...

- Ailəniz və dostlarınız bundan xəbərdardırlar?
- Üç ilə yaxındır ailəmə etiraf etmişəm. Çox təəccüblü olsa da olduqca normal qarşıladılar. Bir qardaşım var. İlk gündən mənə dəstək oldu ,özümü necə xoşbəxt hiss edirəmsə, o cür yaşamağımı istədiyini dedi. Anam bunu lap əvvəldən hiss etdiyini və heç nəyin onun sevimli oğlu olduğumu dəyişmədiyini dedi. Gey olduğumu vəfatından öncə bilən atam isə artıq sadəcə xatirlərimdədir. Mən çox sivil və xoşbəxt ailəyə sahibəm, bu sarıdan şanslıyam. Anamla qardaşım hətta sevgilimi də tanıyırlar və görüşürlər. Biz gözəl bir ailəyik. Dost bildiklərim əlbəttə bilirlər. Məni olduğum kimi tanımayan birisinin mənə olan münasibətini səmimi qəbul etmirəm və elə insanlar mənim dostlarım hesab olunmurlar. Məncə, dost qardaşdan da yaxın olmalıdır. Ətrafımda və həyatıma təsiri yüksək olan insanlara demişəm, 95 faizi bunun münasibətlərimizə zərrə mənfi təsiri olmadığını deyib və dəstək olublar.

- Sevgilinizin ailəsi bilir?
- O, ailəsinə özü haqda deməyib, amma mənim gey olduğumu bilirlər. Bizim sadəcə adi dost olduğumuzu düşünürlər. Mənim üçün onun mənim yanımda olması yetərlidir, ehtiyac duymuram ki, özü məsləhət görmədiyi müddətcə bunu ailəsinə desin. Onun ailəsində vəziyyət bir az fərqlidir...

- Çox sevirsiniz onu?
- Uğrunda həyatımı gözqırpmadan verəcək qədər!

- Bəs onun sevgisinə güvənirsiniz?
- Gözəl sualdır. Əlbəttə. Çox güvənirəm, amma mənim ona olan sevgim, onun mənə olan sevgisinin qarşılığı deyil. Mən onun varlığını, bu dünyanın havasına qarışan nəfəsini, mövcudluğunu sevirəm. Sevgimin olduğu kimi qarşılığını güdmədən sevirəm. Məncə, ümumiyyətlə mən onu sevmirəm, mən ona möhtacam...

- Bəs bir gün ailəsi evləndirsə, getməli olsa... Onda necə olar ? Buna hazırsınız?
- Əlbəttə. Gecələr o, başqasını sinəsinə sıxarkən, mənim yatağımda tənha, balıncımı qucaqlayıb gözyaşlarıma qərq olacağımı bilirəm. Amma o, buna razı olacaqsa razıyam. Mən onun intizarını da, yaşadacağı əzabları da sevirəm. Sevgi... Ehh... İzahı mümkünsüz olan tək şey...

- O, ilk sevdiyinizdir, yoxsa əvvəl kimsə olub?
- İlk.

- Neçə ildir birlikdəsiniz?
- Üç ilə yaxındır ki, bu amansız həyat yollarında birgə addımlayırıq...

- Bu duyğuları özünüzdə lap əvvəldən hiss etmişdiniz, yoxsa özünüzü dərk etdikdən sonra homoseksual olduğunuzun fərqinə vardınız? Yəni ilk deyəndə oğlan olaraq ilkdir həyatınızda, yoxsa o vaxta kimi qız sevgiliniz olub?
- İlk dəfə 8 yaşımda dayımı dodaqlarından öpmüşəm... (gülür). Birinci sinifdə parta arxasında qızla otuzdurulduğum üçün küsmüşdüm məktəbdən. Sonra anamın xahişi ilə müəllim məni dostum Nəsimiylə əyləşdirdi. Çünki onu çox istəyirdim və qızla oturduğu üçün paxıllıq edirdim... (gülür)... 14 yaşım olanda həmin Nəsimini evimizə dərs çalışmağa dəvət etdim və otağımda doyunca öpdüm. Başa düşmürdüm ki, niyə beləyəm. Onunla tez-tez görüşürdük, öpüşürdük, amma intim olmurdu. Çünki bunun günah olduğunu düşünürdüm, həmin vaxtlar namaz qılmağı öyrənirdim. Ona görə də masturbasiyanı "kəşv etmişdim". Sevinirəm ki, elə ilk intim münasibətimdə "HƏYAT YOLDAŞIMLA" yaşanıb. Nə zamansa qız sevdiyimi, ümumiyyətlə ani də olsa qıza sevgi hissləri duyduğumu isə xatırlamıram. Qız fanatlarım az olmayıb, indi də var... (gülür)...

- Duyğusal birisiniz... Bürcünüz nədir?
- Bürcüm xərçəngdir. Hə, çox duyğusal biriyəm, aşırı dərəcədə humanistəm.

- Sizi ən çox nə özünüzdən çıxarır? Məsələn kimsə sizi incidəndə, qəlbinizi qıranda ya da aşırı əsəbləşəndə necə reaksiya verirsiz? Dava- dalaşa, əlbəyaxaya əl atırsınız?
- Həyatımda bircə dəfə olsun belə dava-dalaş etməmişəm. Belə bir vəziyyətin yaranmasına bacardığım qədər zərurət yaratmamışam. Məni ən çox özümdən çıxaran başqa insanların haqsızlığa məruz qalmasıdır. Özümə qarşı olan haqsızlığa dözümüm var, çalışıram ki, mənə ən yaxın insanlar "bağışla" sözünü ən az istifadə edən insanlar olsun. Bu zaman az qəlb qırılır və aşırı əsəbləşmə olmur....

- Xərçəng bürcündən olan insanlar çox qısqanc olurlar...
- Mən çalışıram qısqanclıqla etibarsızlığı səhv salmayım. Düşünürəm ki, qısqanclıq romantik, sevgi dolu olmalıdır. Məsələn əgər biz bir iclasda olarıqsa və görsəm ki, bir qız və ya gey gözünü "Həyatıma" zilləyib, onda paxıllıq edirmişcəsinə onun üzünü özümə tərəf çevirib "Əzizim təkcə mənə bax" deyərək romantik bir qısqanclıq edərəm. Daha O "dostum bu gün bizdə qalacaq" dediyində, "kimdi o? niyə ki? ayrı-ayrı otaqlarda yatın! qalmasın,qalmağa başqa yeri yoxdu!?" -və s. kimi mənasız "qısqanclıqlar" etmərəm...

- Baxımlı olmağı sevirsiniz? Hansı stilə üstünlük verirsiniz?
- Kasıb tapdığını geyinir deyiblər. Ucuz geyinsəm də çalışıram rəngli, səliqəli, təmiz və yaraşan geyinim...İmkanım daxilində xarici görünüşümə diqqət yetirir və baxımlı olmağa çalışıram.

- Heç qızlara paxıllıq etmisiz ki, kaş mən də qız doğulardım və bu geyimlərdən geyinərdim?
- Heç vaxt olmayıb. Mən feminist insanam. Qadınlara heç zaman nəyəsə görə paxıllı etməmişəm. Gey olduğum üçün xoşbəxtəm və feminliyi sevməmişəm. Mən oğlan görünüşümlə çox xoşbəxtəm və qadınsı olmaq arzum deyil... Sport bədənli olmaq, model oğlan kimi olmaq istəyirəm,qadın kimi yox, gey kimi.

- Müsahibənin əvvəlində dediyiniz kimi, gey deyiləndə cəmiyyətdə "fahişə oğlan" fikri formalaşır. Əslində geyliyi insanlara necə izah edərdiniz?
- Gey olmaq sadəcə öz həmcinsinə sevgi, ülviyyət və ehtiras duymaqdı, vəssalam. Hetero qardaşımla məni fərqləndirən tək şey axşam yataqda kimlə sevişməyimizdir . Eyni yeməyi yeyirik, eyni işdə işləyirik, eyni bazarlıq edirik evə və s., tək fərqlilik hisslər və yataqdır. Əgər bir insanı düşünərkən onun hər bir şeyini, bütün həyati fəaliyyətlərini bir kənara qoyub məhz yatağını düşünürküsə, deməli bizdə seksual çatışmazlıq və acgözlük var. Ümumiyyətlə insanları hər hansı bir mənsubiyyətinə görə qruplaşdırmaq ən yanlış şeydir. Sadəcə iki cür insan var, yaxşı və pis. Gey,lesbian, transseksual, biseksual, əzilən-büzülən, sərt xarakterli deyil, pis və yaxşı insan olur... Vəssalam.

- Müsahibə vasitəsi ilə homofobik insanlara nəsə demək istəyirsiniz?
- İnsanı cəmiyyətə töhfələri, ətrafına təsiri, əməllərinə görə qiymətləndirmək lazımdır. Mən fərd olaraq heç bir homofob insanı pis hesab etmir və o insanların nifrət dolu olduqları haqda iddiam yoxdur. Əgər Hacı Zeynalabdin Tağıyev homofob olsaydı bu onun pis insan olması demək olmazdı. Bunun günahı öncədən qeyd etdiyim səbəblərdir... Mənasız menatalitet (sürü psixologiyası qanunları) dəyərlərindən doğan streotiplər və dinlərin yanlış təlqin etdiyi iddialar, təhsilsizlik, səbəbsiz nifrət,qorxu və s...Səbəbsiz nifrət isə istisnadır, belə insanlar həqiqətən eqoist, paxıl və miskin olurlar.

- İsa Şahmarlını tanıyırsınız?
- Bəli, intihar etdiyi gün tanıdım təəssüf ki...Bütün rəngli insanlara,sevgi üçün ürəyi döyünən hər kəsə başınız sağ olsun deyirəm . Qönçə soldu həyatdan, bir rəng əksildi həyat palitrasından. Çox əfsuslar olsun...

- Bir şeyi dəqiqləşdirmək istərdim. Siz LGBT-nin üzvüsünüz? Eşitdiyimə görə, bu təşkilatın üzvü olan homoseksuallar cəmiyyət və ailənin "gözündən pərdə asmaq" üçün saxta evlilik edirlər öz aralarında, sonra isə öz həyatlarını yaşayırlar.
- Mənim yetərincə LGBT tanışlarım,dostlarım var. Amma hansısa icmanın, qrupun, təşkilatın üzvü deyiləm.Tezliklə ümid edirəm ki, LGBT təşkilatlarının da rəsmi dövlət qeydiyyatı olar və mən də həmin təşkilatlarda fəallıq göstərən bir üzv olaram. Xeyr, bu haqda məlumatım yoxdu. Ola bilsin ki, belə razılaşıb evlənən gey və lesbianlar olur, amma mən bunu normal qəbul etmirəm. Çünki, burda sevgidən və şəxsi istəkdən söhbət gedə bilməz. Məcbur olurlar. Cəmiyyət formalaşdıqca qaydasına düşəcək. Belə insanlar və hetero biriylə evlənən həm geylər, həm lesbianlar gələcəkdə doğulacaq rəngli dünyanın gəlişini tezləşdirən qurbanlardılar. Cəmiyyət bir şeyi anlamır ki, zorla evlənməyə məcbur olan hər bir homoseksual valideyn ən azı bir tolerant övlad böyüdəcək və gələcəkdə bunu daha sağlam düşüncəylə qəbul edəcək nəslin gəlişi tezləşəcək. Həmin "qurbanlar" qarşısında baş əyirəm və sevgi dolu sabahlar üçün sevgisiz bu günlərini yaşamağı qəbul etdikləri üçün sonsuz minnətdarlıq bildirirəm, onlar əsl sevgi fədailəridir mənim üçün.

Libera.az
(səs:1)
Müəllif: Libera | Baxış: 977|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.